Dahi Azərbaycan şairi Nizaminin irsinin tədqiq və təbliği barədə söhbət aparılıb

 

Böyük İslam Ensiklopediyası Mərkəzinin əməkdaşı, Tehran Dövlət Universitetinin professoru Ali Mir-Ansari fevralın 14-də Azərbaycan Milli Kitabxanasında olub.

Qonağın Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşü zamanı Nizami Gəncəvi ilə bağlı aparılan tədqiqatlardan, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin (Böyük Britaniya) nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi ilə birgə şairin bütün əsərlərinin Azərbaycan, fars, ingilis və rus dillərində kataloqunun hazırlanması və Nizami ilə  bağlı tədqiqatlar haqqında biblioqrafiya yaratmaq ideyasından bəhs edilib.

Milli Kitabxananın 2019-cu ildən Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli mədəniyyət sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində böyük Azərbaycan şairinin irsinə dair dünya kitabxanalarında mühafizə olunan 157 əlyazmasının elektron nüsxəsini əldə etdiyi və bu işin hələ də davam etdiyi vurğulanıb.

Görüş zamanı Milli Kitabxananın filialı kimi Gəncə şəhərində Nizaminin əsərləri, onun haqqında tədqiqatları və şairin əlyazmalarının çap və elektron nüsxələrinin toplandığı “Nizami Gəncəvi Kitabxanası”nın yaradılması ideyası da irəli sürülüb.

Qonaq Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olan əlyazmalarla tanış olub.

Görüşün sonunda qonağa Nizami Gəncəvinin Milli Kitabxana tərəfindən çap olunmuş fundamental biblioqrafiyası və digər kitablar hədiyyə edilib.