Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Dövlət başçısı, ilk növbədə, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə toxunaraq əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verib.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.

Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.