Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbədən birinin meyiti tapılıb.

Bu barədə fevralın 14-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmamışdı.

Fevralın 14-də axşam saatlarında digər üç tələbənin də meyitinin tapıldığı barədə xəbərlər yayılıb.

Bundan öncə Xarici İşlər Nazirliyi zəlzələ nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyünü bildirmişdi. Onlardan 4-nün nəşi Vətənə gətirilib, biri Türkiyədə dəfn olunub.

XİN-in fevralın 14-də yaydığı məlumatda o da qeyd edilir ki, zəlzələnin baş verdiyi gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların ailə üzvləri ölkəyə təxliyə olunub.