Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının məşqlərinə başlanılıb.

Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan tamaşa İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsər cəmiyyətdə adi vaxtda başqalarından seçilməyən sadə insanların müharibənin fonunda qəhrəmana çevrilməsində bəhs edir.

Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi tamaşa 44 günlük müharibəsinə və sanlı qələbəni bizə bəxş edən Vətən övladlarına ithaf olmaqla bərabər, hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. 

Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Rasim Cəfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıblar.

İlqar Fəhminin “Balaca kişilər” pyesi Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin qalibi olub.