Nyu-Yorkdakı Metropoliten Muzeyi (The Metropolitan Museum of Art) indiyədək ekspozisiyasında rus rəssamları kimi qeyd olunan İlya Repin (1844-1930) və İvan Ayvazovski (1817-1900) haqqında təqdimat məlumatlarını dəyişdirib. İndi muzeyin saytında onlar ukraynalı rəssamlar kimi göstərilib.

Repinin muzeydə yer alan “Vsevoloq Qarşinin portreti” əsərinə arayışda rəssamın ukraynalı olduğu və “bir vaxtlar Rusiya imperiyasının hissəsi olmuş Çuquyev şəhərində doğulduğu” qeyd edilib. Ayvazovskinin “Ay işığında gəmi” əsəri ilə bağlı arayışda isə” ukraynalı müəllifin Krımın Qara dəniz sahilindəki liman şəhəri Feodosiyada erməni ailəsində doğulduğu qeyd edilib.

Bundan öncə Metropoliten Muzeyi yunan əsilli məşhur rusiyalı rəssam Arxip İvanoviç Kuindcini (1841-1910) Ukrayna rəssamı kimi tanımışdı. Kuindci Donetsk vilayətinin Mariupol şəhərində anadan olub.

Rusiya Rəssamlar İttifaqının sədri Andrey Kovalçuq Nyu-York muzeyinin bu addımlarını incəsənətə qarşı təxribat adlandırıb.

Qeyd edək ki, bir qədər əvvəl Metropoliten Muzeyi ukraynalı fəalların tələbi ilə fransız rəssamı Edqar Deqanın (1834-1917) “Rus rəqqasələr” əsərinin adını “Ukrayna geyimində rəqqasələr” olaraq dəyişdirib. Əsərlə bağlı arayışda bildirilir ki, tabloda təsvir olunan rəqqasələrin əynində ənənəvi Ukrayna xalq geyimi var.

Edqar Deqanın sözügedən tablosunun bir variantı da London Milli Qalereyasında (The National Gallery) saxlanılır. Bu muzey də əsəri artıq “Ukraynalı rəqqasələr” adı ilə təqdim edir.

V.Kamal