Ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və siyasi sahədə yaxşı əlaqələr mövcuddur. Azərbaycanla Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq edir, bir-birini dəstəkləyir.

Bu fikirlər fevralın 16-da Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşündə qeyd olunub. Vurğulanıb ki, Mərakeş Azərbaycanın beynəlxalq səviyyədə, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini hər zaman dəstəkləyib.

Görüşdə münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolu diqqətə çatdırılıb. Bildirilib ki, xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.

Sahibə Qafarova Mərakeşin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı, o cümlədən bu platformanın Madriddə keçirilən təsis, Bakıda keçirilən birinci konfransında təmsil olunmasını yüksək qiymətləndirib, Parlament Şəbəkəsinin institusional inkişafı, qarşıda duran vəzifələr barədə danışıb. İki ölkə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığı, onların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.