Prezident İlham Əliyev fevralın 15-də Ömər Həsən oğlu Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Azərbaycan Rəssamlıq Akademiyası 13 iyul 2000-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Ali tədris ocağına həmin vaxtdan görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov rəhbərlik edib. Qocaman sənətkar 2022-ci ilin 21 dekabrında 95 yaşını qeyd edib.

Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyev bu təyinatadək Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri olub.

Fevralın 16-da Azərbaycan Rəssamlıq Akademiyasının yeni rektoru Natiq Əliyev kollektivə təqdim olunub.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.