Baş nazir Əli Əsədov Dubayda Dünya Hökumət Sammitində çıxış edib

 

Azərbaycan hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olub, onlara yardım göstərib. Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bunu fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı vurğulayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir çıxışında Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində otuz ilə yaxın işğal altında qalan əzəli torpaqlarını azad etdiyini diqqətə çatdıran Əli Əsədov bildirib ki, ölkəmiz beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman hörmət və məsuliyyətlə yanaşır və bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır.

Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Əli Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il (2023-cü ilin sonunadək – red.) uzadılmasını ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.

İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, görülən tədbirlər nəticəsində ötən il qeyri-neft məhsullarının ixracı 12,3 faiz yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.

Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması istiqamətində tədbirlərin görüldüyü qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması dövlət və sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan və şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin edən addımdır.

Azərbaycanın bir sıra regional və beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malik olduğu qeyd edilib.

Baş nazir Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi uğurlardan da bəhs edib, 2023-cü ilin oktyabr ayında Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirib.

Azərbaycanın, eyni zamanda bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyi, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyəti vurğulanıb. Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyini deyən Əli Əsədov bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.