Türkiyədə əsrin fəlakəti sayılan 6 fevral zəlzələləri nəticəsində həlak olanların sayı 38 min 44 nəfərə çatıb. Bu barədə fevralın 16-da AFAD məlumat yayıb.

Zəlzələdən yaralı olaraq qurtulanların sayı 108 mindən çoxdur. 216 min nəfər fəlakət zonasından digər bölgələrə təxliyə edilib.

Fəlakətin 11-ci gündə, zəlzələdən 248 saat sonra Kahramanmaraşda 17 yaşlı qız, 258 saat sonra isə 42 yaşlı qadın dağıntılar altından xilas edilib. Gün ərzində dağıntılar altından 4 minə yaxın cəsəd çıxarılıb. Artıq fəlakət bölgəsində ağır texnikalar dağıntıları təmizləməklə məşğuldur. Qeyd edək ki, zəlzələnin vurduğu 11 vilayətdə ümumilikdə 6500-ə yaxın bina dağılıb.

Zəlzələ zonasında qəzalı hala düşdüyü təsbit edilən ümumilikdə 61 mindən çox bina sökülməlidir. Yaşayışa yararsız binaların sayının artacağı istisna deyil. Vilayətlərdə binalarla bağlı baxış-yoxlama işləri davam edir.