Türkiyədə 6 fevral zəlzələləri nəticəsində həlak olanların sayı 40 mini keçib.

Türkiyə Daxili İşlər Nazirliyi nəzdində Təbii Fəlakət və Fövqəladə Halların İdarəsi Agentliyi – AFAD-ın fevralın 18-də yaydığı məlumatda fəlakət qurbanlarının sayının 40 min 642 nəfərə çatdığı bildirilir.

Son sutka ərzində dağıntılar altından 2 mindən çox cəsəd çıxarılıb. Zəlzələ zamanı xəsarət alanların sayı 108 mindən çoxdur.

Dəhşətli zəlzələdən 12 sutka keçsə də, dağıntılar arında sağ insanların qalması ilə bağlı ümidlər tam tükənməyib.

Fəlakətin 13-cü günündə, zəlzələdən 296 saat sonra Hatay vilayətinin mərkəzi Antakya şəhərində dağıntılar altından biri uşaq olmaqla üç nəfər sağ çıxarılıb. Bundan öncə, zəlzələnin 261-ci saatında Antakyada dağıntılar altından 26 və 34 yaşında iki kişi xilas edilmişdi.

Fəlakət bölgəsində ağır texnikalar dağıntıları təmizləməklə məşğuldur. Xatırladaq ki, zəlzələnin vurduğu 11 vilayətdə (Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa, Kilis, Elazığ) ümumilikdə 6500-ə yaxın bina dağılıb. Zəlzələ zonasında daha 61 mindən çox bina qəzalı hala düşüb və söküləcəyi bildirilib.