Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanovla görüşüb.

Samir Abbasov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı AMM-nin silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun da yaxından iştirakını arzu etdiyini deyib. O, “Heydər Əliyev İli” münasibətilə AMM tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun bir əlaçı tələbəsinin də sözügedən təqaüdə layiq görüləcəyini bildirib.

Rektor Eldar Şermanov AMM ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib və öz rəhbərliyi ilə yaxın günlərdə institutun heyətinin Azərbaycana səfər edəcəyini, bu səfər çərçivəsində bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayacaqlarını deyib. Rektor bu xüsusda göstərilən dəstəyə görə AMM-yə minnətdarlığını ifadə edib.

Görüşün sonunda AMM-nin layihəsi ilə özbək dilinə tərcümə edilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” dastanının nəfis nəşrləri rektor Eldar Şermanova hədiyyə edilib.

Qonaqlar Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun fakültələri ilə tanış olub, tələbələrin folklor və xalq çalğı alətləri ansamblının çıxışlarını izləyiblər.