Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində elan olunmuş "Düşün və yarat!" adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Müsabiqənin yekun sərgisi martın 1-də Xətai Sənət Mərkəzində açılacaq.

Xətai Sənət Mərkəzindən verilən məlumata görə, 12 yaşdan yuxarı hər kəsin qatılmaq imkanı olan müsabiqəyə 1000 nəfərə yaxın iştirakçı ümumilikdə 1500-ə qədər rəsm əsərinin, habelə gil, karton, kağız, metal parçası, plastmas və s. materiallardan hazırlanmış əşya və texnoloji sistemlərin fotolarını təqdim edib.

İlkin seçimlərdə 300-ə yaxın nümunə sərgilənmək üçün seçilib. Seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülüb.

Seçilmiş nümunələrə bu linkdə baxmaq olar: https://www.yumpu.com/xx/document/read/67530713/dusun-v-yarat-musabiqsind-tqdim-olunan-l-islri

Sərgi iştirakçıları 27 fevral tarixinə qədər fotoları paylaşılmış əl işlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

Nümayiş olunan əsərlər geri qaytarılır.