“Lakin bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı Vardanyan bizim ərazimizi tərk etsin”


Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.

“Bu gün mən bunu dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin”, – deyə dövlət başçısı əlavə edib.

Prezident vurğulayıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər: “Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib”.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Cənubi Qafqaz regionundakı vəziyyətə nəzər salan İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar: “Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər”.

Prezident daha sonra deyib: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq...”.