Beynəlxalq Muğam Mərkəzində (BMM) Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın konserti təşkil ediləcək.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, martın 3-də keçiriləcək “Solo” adlı konsert Aleksey Miltıxın istedadını qiymətləndirənlər üçün maraqlı hədiyyə olacaq.

Dinləyicilər proqrama daxil edilmiş klassik və estrada əsərlərini dinləyəcək, lirik nümunələrin zərifliyini duyacaq, rok improvizələrindən enerji alacaqlar.

Bakıdakı Rus evi və BMM-in dəstəyi ilə gerçəkləşəcək konsertin təşkilatçısı “StolitsA.rt” saytıdır.