Xəbər verdiyimiz kimi, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY tərəfindən mütəşəkkil addımlar atılır.

Qurumun baş katibi Sultan Raevin bildirdiyinə görə, zəlzələnin ilk günündən qurumda təmsil olunan Türk dünyası ölkələrinin nümayəndələri fəlakətdən zərərçəkənlərə dəstək üçün təşkilatlanıb: “Bu gün Türkiyə böyük bir təbii fəlakətin ağır nəticələri ilə üz-üzədir. Türkiyə xalqı ilə bərabər Türk dünyası olaraq bizim də canımız yanır. Odur ki, Türk dünyasına hər zaman kömək əli uzadan Türkiyəmizə bu gün də biz dəstək verməliyik. Biz ilk olaraq qardaşlarımıza kömək məqsədilə qanvermə kampaniyası təşkil etdik. Mənim bu təklifimə TÜRKSOY-dakı bütün əməkdaşlarımız məmnuniyyətlə razılıq verdilər”.

Xarici ölkələrdən Türkiyəyə gələn xilasetmə qrupları üçün tərcüməçilərə ehtiyac olduğunu deyən baş katib TÜRKSOY-dan 13 nəfərlik heyətin bu məqsədlə zəlzələnin baş verdiyi rayonlara ezam olunduğunu bildirdi: “TÜRKSOY-da yüksək səviyyədə rusca, ingiliscə, balkan xalqlarının dillərində bilən əməkdaşlarımız gecə-gündüz demədən xarici ölkələrdən gələn xilasedicilərə tərcüməçilik etdilər. Heyətimiz həmçinin Qaziantepdə zərərçəklər üçün 130 çadırın quraşdırılmasını həyata keçiriblər.

Baş katibin sözlərinə görə, bundan başqa, Türk Dövlətləri Təşkilatının (TDT) xətti ilə Qırğızıstan və Qazaxıstandan Türkiyəyə çadır evlər (alaçıqlar) da göndərilib: “Bu ənənəvi türk çadır-evlərə “üy” və ya “yurt” da deyilir. Hələ də Orta Asiyada insanlarımızdan bu çadır-evlərdə yaşayanlar var. Qışda soyuğa, yayda istiyə davamlıdır”.

Bundan başqa, TÜRKSOY təbii fəlakətlə əlaqədar dünyasının mədəniyyət və incəsənət adamlarını bir araya gətirən maddi və mənəvi yardım kampaniyasına başlayıb: “Qardaşlığımızı, həmrəyliyimizi, qəlbimizdən gələn səmimi sözləri duyurmaq üçün türkiyəli soydaşlarımızın təkcə maddi deyil, mənəvi dəstəyə də ehtiyacı var. Bununla əlaqədar “Biz birlikdəyik!” şüarı ilə çağırış etdik. Türk dünyasının sənət adamları sosial media hesablarında paylaşdıqları videolarda ən isti, səmimi sözləri ilə mənəvi dəstək olur, başsağlığı verir, Türkiyənin yaşadığı bu ağır günlərdə həmrəy olduqlarını ifadə edir, yardım kampaniyaları ilə soydaşlarımızın yaralarına məlhəm olmağa çalışırlar.  Eyni zamanda bu təşəbbüslər nəticəsində toplanan vəsait Türkiyənin müvafiq ölkələrdəki  səfirlikləri tərəfindən açılan yardım hesablarına yatırılır. Türk dünyası bir daha göstərir ki, kədərdə də, sevincdə də hər zaman bir yerdədirlər”.

Mehparə Sultanova
Ankara