Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət edib, rektor Abduqaffar Qırğızbayevlə görüşüb.

S.Abbasov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı AMM-in silsilə tədbirlər planlaşdırdığını diqqətə çatdırıb. O, il ərzində institutda “Heydər Əliyev və Özbəkistan” adlı seminarların təşkilində tələbələrin iştirakını,  Azərbaycan və Özbəkistan arasında tələbə, müəllim mübadiləsi proqramlarında yaxından iştirak, institutun tədris proqramına Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı mövzuların salınması təklif edib.

Direktor “Heydər Əliyev İli” münasibətilə AMM tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Daşkənd Dövlət Pedaqoji Universitetindən bir əlaçı tələbənin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.

Rektor Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı mövzuların tədris proqramına salınma təklifini müsbət qarşılayıb. O, Daşkənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin yaradılacağını deyib.

Görüşdə birgə layihələr barədə müzakirə aparılıb.

Lalə