Fevralın 21-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

NMR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edən nazir müavini Həsən Kərimov ana dilimizin inkişafının, rəsmi dövlət dili elan olunmasının, beynəlxalq kürsülərə yol tapmasının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev tərəfindən dövlət dil siyasəti uğurla davam etdirilir.

Muxtar respublika Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev  “Ən böyük milli dəyərimiz – Ana dilimiz” mövzusunda çıxışında vurğulayıb ki, xalqımızın böyük ədəbi şəxsiyyətləri, şair və yazıçıları ana dilimizin saflığı uğrunda mübarizə aparıb, bu dildə gözəl sənət nümunələri yaratmaqla yaşamasına, unudulmamağına şərait yaradıblar. Muxtar respublikada yaşayıb-yaradan şair və yazıçıların da yaradıcılığında ana dilinə böyük sevgi olduğu bildirilib.

Müasir dövrün aktual çağırışları və ana dilimizin saflığının qorunması prioritetlərindən danışan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələləri haqqında məlumat verib. Qeyd edib ki, dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktrisası Şölə Alışova Xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini və NMR Yazıçılar Birliyinin üzvləri – Muxtar Qasımzadə, Alməmməd Eldaroğlu və Sabir Əsgərov dilimizə həsr olunmuş şeirləri səsləndiriblər. Sonda tədbir iştirakçıları əlamətdar günə həsr edilən kitab sərgisi ilə tanış olublar.