Görkəmli heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.

Sənətkarla Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak ediblər.

Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin milli heykəltəraşlıq sənətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda sənətkarın Azərbaycan Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində böyük xidmətləri qeyd olunub.

Ömər Eldarovun Azərbaycan mədəniyyəti və heykəltəraşlıq sənətində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Xalq rəssamı 1997-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şərəf” (2012), 1-ci dərəcəli “Əmək” ordenləri (2022) və ölkəmizin ən ali təltifi olan “Heydər Əliyev” ordeninə (2017) layiq görülüb.

Görkəmli heykəltəraş keçmiş SSRİ-nin (1980) və Azərbaycanın (1982) dövlət mükafatlarının, Heydər Əliyev Mükafatının (2009), MDB-nin “Birliyin ulduzları” mükafatının (2013) laureatıdır.