Heydər Əliyevin 100 illiyi Dağıstanda, Rəsul Həmzətovun yubleyi Azərbaycanda qeyd olunacaq

 

Fevralın 20-də Bakıda Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planı imzalanıb. Bu münasibətlə Azərbaycan Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev və Dağıstan Respublikası Hökumətinin sədri, komissiyanın həmsədri Abdulmüslüm Abdulmüslümovun görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi qeyd olunub. Vurğulanıb ki, iki ölkənin prezidentlərinin səyləri sayəsində dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Ş.Mustafayev deyib ki, Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə iqtisadi əlaqələr saxlayır. Təqribən 20 subyektlə, o cümlədən Dağıstan Respublikası ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlər imzalanıb.

Vurğulanıb ki, eyni dildə danışan, ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan Azərbaycan və Dağıstan xalqları arasında münasibətlər əsrlər boyu formalaşıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafında mühüm rolu xüsusi qeyd edilib.

Bildirilib ki, ötən il dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilmiş görüşün yekunlarına əsasən, birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən olunub. Tərəflər arasında bu razılaşmaların reallaşdırılması məqsədilə əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planı hazırlanıb. Planda qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına və investisiyaların daha fəal cəlb edilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycan və Dağıstan xalqları arasında mədəni-humanitar əlaqələrin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, Dağıstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan dağıstanlılar bu respublikaların ictimai-siyasi və mədəni həyatına mühüm töhfələr verirlər.

Tədbirlər Planına uyğun olaraq, tərəflər Dağıstanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə, Azərbaycanda isə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Sənəddə Azərbaycanda və Dağıstanda qarşılıqlı mədəni tədbirlərin təşkil edilməsi, mədəniyyət müəssisələri arasında birbaşa peşəkar və yaradıcı əlaqələrin nizamlanması da nəzərdə tutulur.

Görüşün sonunda Ş.Mustafayev və A.Abdulmüslümov Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planını imzalayıblar.