Onların arasında Cənubi Azərbaycandakı milyonlarla soydaşımız da var

 

“Çoxdilli təhsil – təhsilin transformasiyası zərurətdir”. UNESCO 21 fevral – Beynəlxalq Ana Dili Gününün builki mövzusunu belə müəyyən edib.

Əlamətdar gün münasibətilə UNESCO-nun baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, ana dilində təhsil şəxsiyyətin hərtərəfli inkişafının ayrılmaz tərkib hissəsi və dil irsinin ötürülməsində mühüm vasitədir. Dünyadakı tələbələrin 40 faizinin danışmağı asan hesab etdikləri və ya ən yaxşı başa düşdükləri dildə təhsil almaq imkanı yoxdur. Bu vəziyyət öyrənməyə əhəmiyyətli dərəcədə maneə törədir, eyni zamanda bəşəriyyətin dil irsinə ciddi ziyan vurur. Ona görə də təhsilin transformasiyasının nəzərə alınması zəruridir.

Müraciətdə vurğulanır ki, geniş ictimaiyyəti dünyamızın bənzərsiz və eyni zamanda həssas olan dil və mədəni müxtəlifliyinin dəyəri haqqında maarifləndirmək vacibdir. Axı bəşəriyyətin danışdığı 7000-dən çox dilin hər biri dünyanın, əşyaların, canlıların, xüsusi təfəkkür və hisslərin bənzərsiz obrazlarını daşıyır. Ona görə də hər hansı bir dilin yoxa çıxması əvəzedilməz itkidir. Bu kontekstdə UNESCO-nun rəhbərlik etdiyi Dünyanın Yerli Dillərinin Beynəlxalq Onilliyi (2022-2032) beynəlxalq ictimaiyyətə dünyanın mədəni müxtəlifliyinin mühüm komponentinin qorunub saxlanılması üçün səfərbər olmağa mühüm imkan yaradır.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü UNESCO tərəfindən 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə elan edilib. Bu günün tarixi 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan (həmin vaxt Banqladeş Pakistanın tərkibində idi) dörd tələbənin öldürülməsi ilə bağlıdır. Həmin hadisəni ana dili uğrunda mübarizənin təcəssümü olaraq bəşəriyyətin yaddaşında yaşatmaq üçün bu gün təsis olunub.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd edilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bu gün dünyada doğma dilindən istifadə etmək imkanları məhdudlaşdırılan, o cümlədən ali təhsil almaq imkanı olmayan insanlar arasında Cənubi Azərbaycandakı milyonlarla soydaşımız da var. 

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. UNESCO baş direktorunun müraciətində vurğulanır ki, insanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi buna qarşı birləşməyə səsləyir.