AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Beynəlxalq Ana Dili Gününə (21 fevra) həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı tədbir keçirilib.

Tədbir Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi (UGİM) və M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə çıxışında Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm rol oynadığını vurğulayıb. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ana dilimizə göstərdiyi qayğıdan söz açılıb, bu sahədə imzalanan fərman və sərəncamların əhəmiyyəti qeyd olunub.

3 nömrəli UGİM-in direktoru Lalə Qəti ölkəmizdə ana dilimizin təbliğinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının hələ Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdən başladığını, müstəqillik illərində uğurla davam etdirildiyini deyib. 

Sonra ədəbi-bədii kompozisiya təqdim olunub, şeirlər və mahnılar səsləndirilib, “Mənim ana dilim – mənim kimliyim” adlı informativ videoçarx nümayiş etdirilib. Mərkəzi Şəhər Kitabxanasının “Beynəlxalq Ana Dili Günü” mövzusunda kitab sərgisinə baxış olub.