Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar rəssam, tanınmış dekorativ-tətbiqi sənət ustası Ağasaleh Nuriyev fevralın 23-də, 83 yaşında vəfat edib.

Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev 28 mart 1940-cı ildə Bakıda anadan olub. 1962-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu rəssam-monumentalçı ixtisası üzrə bitirib. 1976-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. Əsərləri respublikamızla yanaşı Rusiya, Almaniya və Türkiyədə sərgilərdə nümayiş olunub.

Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında (“Flora və fauna”, 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaların, AMEA Əlyazmalar İnstitutunda M.Füzuli və M.Ş.Vazehin vitraj portretlərinin, Bibiheybət məscidində vitrajların müəllifidir. Rəssam “Musiqiçilər” kompozisiyasına (“İnşaatçılar” metro stansiyasının bədii tərtibatı) görə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (1976) medalla təltif olunub.

Ağasaleh Nuriyev 2006-cı ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. Rəssamın “Nurlu sənət dünyası” adlı sonuncu fərdi sərgisi 2022-ci ildə Heydər Əliyev Mərkəzində keçirilib.

Allah rəhmət eləsin.