XİN: Azərbaycan Laçın yolunda humanitar məqsədlər üçün hərəkətə heç bir maneə törətmir

 

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü məsələlərdən biri də bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub. Bununla bağlı da mövqeyimiz bildirilib.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına dair keçirdiyi brifinqdə bildirib.

BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) Azərbaycanın və Ermənistanın müvafiq müraciətləri ilə bağlı qərarı  fevralın 22-də elan olunub.

“Qərarda qeyd olunub ki, üçtərəfli Bəyanata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirilib. Zəmanət verilib ki, məhz humanitar məqsədlər üçün hərəkətlərin təhlükəsizliyi təmin ediləcək. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb”, –  deyə nazir müavini diqqətə çatdırıb.

Elnur Məmmədov bildirib ki, Azərbaycan tərəfi yanvarın 30-da dinləmələr zamanı Laçın yolundakı etiraz aksiyalarının ekofəallar tərəfindən təşkil olunduğunu, həmin etirazlarda iştirak edən QHT-lərin siyahılarını, müvafiq ekofəalların adlarını, ümumilikdə etiraz aksiyalarının nə ilə bağlı həyata keçirildiyini, bununla əlaqədar təfsilatlı məlumatı məhkəməyə təqdim etmişdi. Həmin dinləmələr də açıq şəraitdə keçirilib, canlı yayımda göstərilib.

Qeyd edək ki, Azərbaycan tərəfinin Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti  işğaldan azad edilmiş ərazilərdəki minalarla bağlı olub.

“Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan məhkəmə prosesi zamanı təkzib edə bilmədi”, – deyə xarici işlər nazirinin müavini bildirib.

O qeyd edib ki, bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozub.