Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də, ömrünün 62-ci ilində vəfat edib.

Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin “Qran-pri” mükafatçısı olub.

1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.