Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində “Xocalıda ruhum qalıb” adlı tədbir-sərgi keçirilib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar təşkil olunan sərgidə tanınmış rəssam-heykəltəraşlar Xanlar Əhmədov və Əşrəf Heybətov, Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdullayevin şəxsi kolleksiyalarında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan təsviri və tətbiqi sənət nümunələri nümayiş olunub. Uzun illərdən bəri erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin təsvir olunduğu əsərlər tariximizin qaranlıq səhifələrinə işıq salmaqla yanaşı, bədnam qonşularımızın insanlıq əleyhinə cinayətlərini sənətin dili ilə geniş ictimaiyyətə çatdırır.

Tədbir çərçivəsində rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən” adlı rəsm əsərlərinin təqdimatı da keçirilib.

***

İstiqlal Muzeyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində Qaradağ rayonundakı 139 nömrəli tam orta məktəbdə “Xocalı dünyanın gözü ilə” adlı sərgi açılıb. Sərgidə muzeyin fondlarında mühafizə edilən müxtəlif xarici fotoqrafların lentə aldığı 20 foto nümayiş olunub.