Çoxəsrlik tarixə malik Azərbaycan ədəbiyyatının inkişafında böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin (1869-1932) mühüm xidmətləri var. Fevralın 22-də görkəmli ədibin anadan olmasının 154-cü ildönümü tamam oldu.

Naxçıvan şəhərində dünyaya göz açan Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori Müəllimlər Seminariyasında təhsilini bitirdikdən sonra 1887-1897-ci illərdə Uluxanlı, Baş Noraşen (indiki Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmiş, əsl xalq müəllimi kimi tanınmışdır. O, Azərbaycan xalqının keçdiyi inkişaf yolunda cəfakeş ideoloqlardan biri kimi çıxış etmişdir. Ümummilli lider Heydər Əliyev ədib haqqında demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır”.

C.Məmmədquluzadə ədəbiyyat tariximizdə tənqidi rеalist ədəbi cərəyanın, “Çay dəsgahı” əsəri ilə ilk mənzum allеqоrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. O, həmçinin dünyaca məşhur “Molla Nəsrəddin” jurnalının (1906-1931) redaktoru və mollanəsrəddinçilərin ağsaqqalı, milli mücadilə ədəbiyyatımızın sərkərdəsidır. Bu nəhəng söz sənətkarı həm də Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınır. C.Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Saqqallı uşaq”, “Buz”, “Nigarançılıq”, “Zırrama” və başqa hekayələri ilə bu janrın ən sanballı nümunələrini yaratmışdır. Böyük dramaturqun “Ölülər”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Ər” və digər pyesləri Azərbaycan dramaturgiyasının qiymətli incilərini təşkil edir.

Ədibin böyük ustalıqla yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas və başqa obrazları dillər əzbərinə çevrilmiş, on illər boyu prototiplərini adlandırmağa müvəffəqiyyətlə xidmət etmişdir.

Görkəmli söz ustadı həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun yaradıcısıdır. Satirik üslubda yazdığı şeir nümunələri yenitipli ictimai satirasının təməlini təşkil edir. Onun mənzum satirik yaradıcılığı işığında yeni şeir məktəbi formalaşmışdır. Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadə etmə ənənələri yaratmışdır. Sənətkarın böyük istedadla əsərlərinə gətirdiyi “kamança”, “anamın kitabı” və digər metaforik obrazlar ədəbi-estetik məna kəsb edərək xalqın milli dəyərləri və yaddaşının təbliğinə xidmət etmişdir. “Anamın kitabı” ifadəsi isə ümumilikdə azərbaycançılığın andnaməsi kimi yadda qalmışdır. Yazıçının “Danabaş kəndinin əhvalatları” əsəri də Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab edilir. Ümumiyyətlə, “kiçik” adamları da böyük ədəbiyyata ilk dəfə ustad Mirzə Cəlil gətirmişdir.

Yazıçının milli ədəbiyyatımızın qarşısında böyük xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əks etdirməsidir. Bu baxımdan milli оyanışa və azadlıq yоlunda mücadiləyə, inkişaf və tərəqqiyə çağırış mоtivləri ilə zəngin olan C.Məmmədquluzadə irsi Ümummilli lidеr Hеydər Əliyеvin dediyi kimi, “milli müstəqillik idеallarımızın mənbəyi” оlmaq vəzifəsini uğurla həyata kеçirməkdədir. Mirzə Cəlil həm də bütün yaradıcılığı ilə ədəbi və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin əsasını qoymuş, öz fəaliyyətində daim Vətənə xidməti həyat fəlsəfəsinə çevirmiş bir şəxsiyyətdir.

C.Məmmədquluzadə milli mətbuatımızın inkişafında mühüm xidmətlərilə yadda qalan görkəmli fikir adamlarımızdandır. Tanınmış maarif və mətbuat fədaisi Ömər Faiq Nemanzadə ilə birgə əsasını qoyduqları “Molla Nəsrəddin” jurnalı adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə söykənirdi. Bu jurnal bütün Şərq aləmi və Türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciəti ilə ictimai meydana çıxan “Molla Nəsrəddin” xalqın milli oyanışı və inkişafına xidmət göstərmişdir. Mirzə Cəlilin “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və s. kimi məqalə və felyetonları Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malikdir.

Azərbaycan dövlətinin çoxsaylı görkəmli ziyalı ədiblərimiz, mədəniyyət xadimlərimiz kimi C.Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən C.Məmmədquluzadə bir çox görkəmli şəxsiyyətlər kimi xalqımızın müdrik oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuşdur. Dahi rəhbərin Mirzə Cəlil şəxsiyyətinə olan böyük ehtiramı və hörmətinin daha bariz ifadəsidir ki, ölkəmizdə ilk ev muzeyləri yaradılan görkəmli şəxsiyyətlərdən biri məhz C.Məmmədquluzadədir. Böyük öndərin uzaqgörən əməlləri və qayğısı sayəsində ədibin irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuş, adı əbədiləşdirilmiş, Bakıda, Cəlilabad və Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılmışdır. Müəllifin ölməz əsərləri daim teatrlarımızda səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır.

Mirzə Cəlil irsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt isə böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış “Qəm pəncərəsi” (1986) və “O dünyadan salam” (1991) kimi ölməz filmlərin çəkilməsidir. Ustad yazıçının əlamətdar yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddin” jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyətinə olan diqqətdən xəbər verir. Prezident İlham Əliyevin C.Məmmədquluzadənin 140 və 150 illik yubileylərinin keçirilməsi haqqındakı sərəncamları da çoxmilyonlu Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent