“Zəlzələ baş verdiyi andan Azərbaycan dövlət və xalqı Türkiyənin yanındadır. Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov da bizimlə mütəmadi əlaqədə oldu”.

Bu fikirləri “Mədəniyyət” qəzetinə açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul millət vəkili Şamil Ayrım bildirdi.

“Zəlzələ baş verən andan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq qurumlara göstəriş verildi və ilk kömək, humanitar yardım Azərbaycandan gəldi. Əlbəttə, biz elə belə bir münasibət də gözləyirdik. Çünki Azərbaycanla Türkiyə müttəfiqdir”, – deyə Şamil Ayrım qeyd etdi. Vurğuladı ki, bu ağır günlərdə hər sahədə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də koordinasiya olundu: “Azərbaycan Milli Məclisi adından bizə başsağlığı verildi. Ondan sonra dəfələrlə telefonla əlaqə saxlanıldı, ehtiyaclarımızla maraqlandılar. Azərbaycandan bu müddətdə bizə müxtəlif istiqamətdə yardımlar gəldi. Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə 40 ədəd daşınan generator alınaraq Türkiyəyə göndərildi”.

Azərbaycanlı tələbələrin Malatyada dağıntılar altında qalıb həlak olmasından çox təəssüflədiyini deyən türkiyəli deputat Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi bu məsələ ilə bağlı mütəmadi şəkildə Azərbaycan tərəfi məlumatlandırdığını diqqətə çatdırdı.

Ş.Ayrım Azərbaycanın Türkiyədəki Səfirliyi, İstanbuldakı Baş Konsulluğu ilə də bu müddətdə mütəmadi əlaqələrin qurulduğunu söylədi: “Ankarada səfir Rəşad Məmmədov, İstanbulda baş konsul Nərminə Mustafayeva da bizimlə maraqlanıb, Azərbaycandan göndərilən humanitar yardımlara nəzarəti həyata keçiriblər”.

Millət vəkili bu ağır günlərdə Türkiyəyə verilən qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirdi və qüdrətli Türkiyənin təbii fəlakətin dağıtdığı yaşayış məntəqələrini bərpa edəcəyini və zəlzələdən zərər görənlərə hər cür dəstək veriləcəyini qeyd etdi.

Mehparə Sultanova
Ankara