Fevralının 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi İzzət Rövşən oğlu Həmidovun (2000-2020) ailəsinin iştirakı ilə “Müqəddəsliyin şəhid zirvəsi” adlı tədbir keçirilib.

Tədbirdə İ.Həmidovun anası Vəfa İsmayılova və bir neçə şəhid qəhrəmanın anaları, qazilər, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, digər qonaqlar iştirak ediblər.

İ.Həmidova həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra çıxışlar dilənilib, qəhrəmanın döyüş yolu, müharibədə göstərdiyi şücaət haqqında məlumat verilib. İncəsənət gimnaziyası şagirdlərinin ifasında “Xudayar təsnifi”, müharibə mövzusunda səhnəciklər və musiqi nömrələri təqdim olunub. Təhsil kompleksinin şagirdləri şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Tədbirin sonunda şəhid anaları və qazilər onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

İzzət Həmidov Vətən müharibəsində böyük igidlik göstərib. 2020-ci il oktyabrın 9-da Füzuli istiqamətində döyüşdə qəhrəmanlıqla şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.