İşğalçı erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının dəstəyi ilə 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırımından 31 il ötdü. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı qırğını təkcə Azərbaycan xalqına deyil, bütün insanlıq əleyhinə cinayət kimi tarixin qara səhifəsinə çevrilib.

Fevralın 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə mədəniyyət, incəsənət nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konsert proqramında ilk olaraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Mustafa Mehmandarov) Qara Qarayevin “Matəm odası”nı səsləndirib.

Ardınca Əli Əlizadənin “Serenata dolore”, Soltan Hacıybəyovun “Karvan” simfonik lövhəsi, Rauf Əliyevin “Şuşanın dağları başı dumanlı” simfonik poeması və Aqşin Əlizadənin 4 nömrəli “Muğamvarı” simfoniyası (final) ifa olunub.

Orkestrin müşayiətində solist Ayaz Kərimov Rauf Əliyevin “Azadlığa gedən yollar” əsərini təqdim edib.

Sonra səhnəyə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) çıxıb. Xorun ifasında səslənən Aqşin Əlizadənin “Azərilər” kantatasından “Final” otuz bir il əvvəl yaşanan bəşəri müsibətin yaddaşlardan heç zaman silinməyəcəyinin təcəssümünə çevrilib.

Nurəddin