Bu gün uşaq və yeniyetmələr arasında münasibətlərdə, təəssüf ki, arzuolunmaz sosial mühitə, bir-biri ilə istehza və kinayəli davranış, qorxutma, acılama kimi hallara rast gəlinir. Sosial psixologiyada “bullinq” termini ilə ifadə olunan bu situasiya xüsusilə məktəblərdə fəsadlara yol açır.

Fevralın 20-də “Kaspi” liseyində uşaq yazıçısı Çinarə Köçərli ilə görüş də bu mövzuya həsr olunub.

Görüşə uşaq və yeniyetmələrin sosial münasibətləri, təhsilə cəlbi, özünə inamı və bu sayədə uğura nail olması barədə hekayələrin toplandığı “Marya işıltısı”, “Qorxmaz bir macəra”, həmçinin “44 gün Qarabağda” kitablarını da aparan müəllif məktəblilərə uğura gedən yoldakı ən yaxşı bələdçinin özünə inam və zəhmət olduğunu deyib.

Yazıçı şagirdlərə əsasən ibtidai siniflərdən başlayaraq məktəbyaşlı uşaqların bir-birinə qarşı göstərdiyi aqressiyanı xarakterizə edən bullinqin daha sonra yuxarı siniflərdə, universitetdə, hətta iş yerlərində özünü göstərdiyini və bu münasibətin insanlarda travmalar yaratdığını diqqətə çatdırıb. Bu mənfi halın, insan psixologiyasında iz buraxan münasibətin aradan qalxması üçün balacaların bir-birinə münasibətdə həssas, diqqətli, səmimi və nəzakətli olmasının vacibliyi vurğulanıb.

İnteraktiv oyunlar və əyləncəli yarışın da təşkil edildiyi görüşdə uşaqlara kitablar hədiyyə olunub.