Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində əsrin faciəsi olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Qaranlıqdan aydınlığa" adlı tədbir keçirilib.

Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərkəzi İncəsənət Məktəbinin foyesində xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri – Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şixəliyeva və Əli Ağadadaşov tərəfindən Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.

Tədbirdə Dövlət Himni səslənib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Çıxışlarda Xocalı soyqırımının xalqımızın qan yaddaşına əbədi həkk olunduğu vurğulanıb, bu mövzunun bədii əsərlərdə əksindən söz açılıb.

Sonra Xocalı soyqırımının acılarını da canladıran "Köhnə çamadanlar" bədii filmi (rejissor Səidə Haqverdiyeva) nümayiş olunub.