Fevralın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində erməni millətçilərinin 31 il öncə xalqımıza qarşı törətdiyi kütləvi qırğına – Xocalı soyqırımına həsr olunmuş “Yaddaşımızdan silinməz tarix” adlı tədbir keçirilib.

İştirakçılar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.

AMEA-nın Tarix İnstitutunun əməkdaşı Aybəniz Osmanova çıxış edərək erməni quldur dəstələrinin zaman-zaman Azərbaycan xalqına qarşı törədiyi qanlı cinayətlər və Xocalı faciəsinin xronikası haqqında məlumat verib.

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından fırça və tişə ustaları Xanlar Əhmədov, Arif Hüseynov, Məmməd Əliyev, Nazim Məmmədov, Fərman Qulamov, Mais Ağabəyov, Əmir Talıbov, Həmzə Abdullayev, Əmirbəy Nərimanbəyov, Bəyim Hacızadə, Rza Avşarov, Eldar Babazadə, Elnur Həsənov, Rafael Muradov, Natiq Fərəcullazdə, Adil Rüstəmov, Həsənağa Həsənov, Fərəc Rəhmanov və Kamil Vəliyevin erməni zülmünü ifşa edən, eyni zamanda xalqımızın düşmən qarşısında əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən əsərlərindən ibarət slayd-şou nümayiş etdirilib.

Muzeyin əməkdaşı Ülkər Əliyeva təsviri sənət ustalarımızın vətəndaşlıq duyğusu ilə yaratdığı bu əsərlərdən bəhs edib.

Anım tədbirinin sonunda rəssam Emin Qəhrəmanovun soyqırımına ithaf etdiyi “Xocalı” tablosu təqdim olunub.