Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımının 31-ci ildönümü tamam oldu. Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı dünya tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən biridir.
Faciənin ildönümü münasibətlə fevralın 26-da Mədəniyyət Nazirliyinin kollektivi Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edib. Abidənin önünə çiçəklər düzülüb, soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.
Erməni təcavüzkarları tərəfindən Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.