M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibində İncəsənət Gimnaziyasının şagirdi, violin ifaçısı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı konserti təşkil olunub.

“Gənclərə dəstək” layihəsi çərçivəsində gerçəkləşən konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Musiqili gecədə AMK-nın baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan), Toğrul Məmmədov (piano) da çıxış ediblər. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Sonda Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri konsertin iştirakçıları və təşkilatçılarına minnətdarlıq ediblər.