Xocalı soyqırımının ildönümü hər il Türkiyədə Təhsil üzrə Azad Həmkarlar İttifaqı – Türk Eğitim-Sen tərəfindən də anılır, faciə ilə əlaqədar bəyanatlar verilir.

Qurumun baş direktoru Talip Geylan bildirir ki, 31 il öncə Azərbaycan xalqının yaşadığı bu faciə bizim ortaq acımız, kədərimizdir: “Böyük türk milləti qədim tarixi boyu çoxlu fəlakətlər, acılar, insanlıqdan kənar hadisələrlə üzləşib. Türk dünyasının hər hansı bir yerində yaşanan dərin yaraların ağrısı, təbii ki, türk millətinin hər bir nümayəndəsini dərindən təsirləndirib. 1992-ci il fevralın 26-da qədim türk yurdu olan Qarabağın Xocalı şəhərində baş vermiş qətliam da bu kədərli hadisələrdən biridir”.

Türk Eğitim-Sen rəhbəri qeyd edir ki, Ermənistanın Qarabağda günahsız insanlara qarşı törətdiyi qırğınlar, zülm, o cümlədən uşaq, yaşlı, qadın demədən törədilən soyqırımı milli yaddaşımızdan heç vaxt silinməyəcək: “Bir daha təkrar edirik ki, qardaş ölkəmiz can Azərbaycanla birliyimiz bizim də güc mənbəyimizdir. Türkiyə-Azərbaycan münasibətlərinin hər mənada son dərəcə əhəmiyyətlidir. İki dövlət – bir millət olaraq tarixi-mədəni əlaqələrimiz, strateji və siyasi münasibətlərimiz Türk dünyasının bugünü və gələcəyi üçün böyük və əhəmiyyətli məna kəsb edir”.

Türkiyəyə bu günlərdə yaşadığı, əsrin fəlakəti sayılan zəlzələ ilə bağlı ilk olaraq Azərbaycanın yardım əlini uzatdığını bildirən Talip Geylan deyir ki, qədim tariximizdə olduğu kimi, dərdlərə də birlikdə dözür, yıxıldığımız yerdən birlikdə qalxır, yaralarımızı bir yerdə sarıyırıq: “31 il əvvəl Xocalıda baş vermiş bu qeyri-insani qəddarlığı bir daha pisləyir, bu qətliamın hər kəs tərəfindən soyqırımı kimi tanınmasını və qurbanlara dəymiş ziyanın ödənilməsini tələb edirik. Ölkəmizdə əsrin bəlası olan zəlzələdə həyatını itirən bütün vətəndaşlarımıza, Xocalı soyqırımının qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Mehparə Sultanova
Ankara