Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada "Kədərdə və qədərdə çiyin-çiyinə" adlı anım tədbiri təşkil edilib.

TADİV-in “Şuşa” konfrans mərkəzində keçirilən tədbir Xocalı soyqırımı və 6 fevralda Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsinə həsr olunub.

Açılış sözü söyləyən TADİV rəhbəri professor Aygün Attar bildirib ki, anım tədbiri Azərbaycanın və Türkiyənin bütün hallarda birlikdə və həmrəy olduğunun göstəricisidir.

Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev Xocalı soyqırımının mahiyyətindən bəhs edib, bu qırğının Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfirliyin müşaviri qardaş ölkədəki zəlzələ fəlakəti ilə bağlı danışaraq Prezident İlham Əliyevin göstərişi ilə ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini qeyd edib.

Azərbaycan Milli Məclisinin üzvləri Kəmaləddin Qafarov və Anar Məmmədov, türkiyəli millət vəkili, TBMM-də Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Necdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Abdurrahman Haçkalı Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər Türkiyədə baş vermiş fəlakətin dağıdıcı miqyasından da danışıb və Azərbaycanın dövlət və xalq olaraq qardaş Türkiyəyə hərtərəfli dəstək verdiyini xüsusi qeyd ediblər.

Anım mərasimində Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciyyələndirilən zəlzələ ilə bağlı qısa filmlər nümayiş olunub. İştirakçılar Xocalı soyqırımına həsr olunmuş sərgi ilə də tanış olublar.

Mehparə Sultanova
Ankara