Novruz bayramının, baharın müjdəçisi olan çərşənbələrdən ikincisini – Od çərşənbəsini də qeyd etdik. Bu il 28 fevrala təsadüf edən Od çərşənbəsinin tonqalları sərhədləri bütöv ölkəmizin dörd bir yanında qalandı. 30 illik işğaldan azad olunmuş əzəli yurd yerlərimizdə – Qarabağ və Şərqi Zəngəzurda torpaqlarımız artıq üçüncü ildir bayram havası ilə nəfəs alır.

Bu çərşənbə Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün xüsusilə əlamətdardır. Çünki onlar uzun illərdən sonra doğma yurdda bayram tonqalı qaladılar. İllərdir “Gün o gün olsun, Novruzu öz elimizdə qeyd edək” kimi arzuları artıq gerçəkdir. Qarşıdakı illərdə digər azad edilmiş yaşayış məntəqələrimizdə də sakinlər ən əziz bayramımızı öz ev-eşiyində böyük ruh yüksəkliyi ilə qarşılayacaqlar...

Od çərşənbəsinə el arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. El deyiminə görə, Od çərşənbəsində ocaq yandırıb, qazan qaynatsan, ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar.

Çərşənbə tonqalları üzərindən atlayaraq dilə gətirdiyimiz “Ağrım-uğrum tökülsün, oda düşüb kül olsun” kimi deyimlər isə səhhətimizlə bağlı problemlərdən qurtulmaq məqsədilə söylənilir.

Ən qədim zamanlardan üzü bəri od insan üçün sirr qaynağıdır. Onun əldə edilməsi insanların böyük tapıntı, yaşam üçün əvəzsiz bir vasitədir. Od, ocaq yaşayışın rəmzidir. Təsadüfi deyil ki, bu gün yaşadığımız evə ocaq da deyirik. Arxeoloqlar insan məskənlərini həm də ocaq yerlərindən, kül yığıntılarından bəlli edə bilirlər.

Mifik düşüncədə od xilaskar kimi qavranıldığı üçün müqəddəs hesab edilib. Odla bağlı inanclar, andlar və s. bu sakrallığın göstəricisidir. Xalq yaddaşında odla bağlı xeyli deyim-duyum örnəkləri var. Məsələn, “Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır”, “Ocağı dağıdan xeyir tapmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Od qalar – köz olar, Qız qalar – söz olar”, “Oda pənah aparanın ocağı sönməz”, “Odla oynayan odsuz qalar”, “Od yanan yerdən tüstü çıxar”, “Ocağı söndürən çox olar, yandıran az” və s. nümunələrdə odun inanclar sistemində fərqli semantika daşıdığı görünür. Odla bağlı alqışlar isə onun insan həyatındakı vacib əhəmiyyətini diqqətə çatdırır: “Ocağın odlu, qazanın qaynar olsun”, “Ocağına nur çilənsin”, “Ocağın bərəkətli olsun”. Od həm də ulularımızın and yeri olub: “Od haqqı”, “Gün haqqı”, “Çıraq haqqı”...

Ocağımızın odu sönməsin! Qarşıda iki ilaxır çərşənbəsi var: martın 7-də Yel, 14-də Torpaq çərşənbələri qeyd olunacaq.

F.Yunisli