Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olan Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Krallığın media nazirinin beynəlxalq əlaqələr üzrə müavini Xalid əl-Həmdi ilə görüşüblər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yüksək səviyyədə keçirilən İkinci Səudiyyə Media Konfransı haqqında fikirlərini bölüşüb. O, dünyada medianın durumunu özündə əks etdirən dəyərli fikirlərin səsləndirildiyi belə bir tədbirə dəvətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, konfransda medianın çağdaş problemlərinin sahənin tanınmış mütəxəssislərinin baxış bucağından təqdimatı böyük maraqla qarşılanıb və geniş şəkildə işıqlandırılıb.

Nazir müavini Xalid əl-Həmdi xoş sözlərə görə təşəkkürünü bildirib, eyni zamanda Səudiyyə Ərəbistanı və Azərbaycan mediası arasında əlaqələrin sistemləşdirilməsinin vacibliyini vurğulayıb. O, təmsil olunduğu qurumun Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi ilə münasibətlərinə diqqət çəkərək bildirib ki, diplomatik missiya Səudiyyə Ərəbistanında, xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qeyri-dəqiq informasiyalar yayılarkən ciddi operativlik göstərir, yanlışlıqları aradan qaldırır, ictimai rəyin düzgün məlumatlandırılmasını təmin edir.

Görüşdə iştirak edən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin İsmayılov da iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, mövcud istiqamətdəki xarakterik məqamları diqqətə çatdırıb.

Görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında media təmaslarının inkişafı üçün qarşılıqlı jurnalist səfərlərinin təşkili istiqamətində işlərin daha da intensivləşdirilməsi qərara alınıb.

MŞ-nin sədri R.Məcid Xalid əl-Həmdi və hazırda ölkənin media nazirinin səlahiyyətlərini yerinə yetirən Məcid əl-Qəsabiyə xatirə hədiyyələri və nəşrlər təqdim edib.