Hüseyn Cavidin Ev-Muzeyində “Xalqımızın qan yaddaşı – Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirilib.

Muzeyin direktoru filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək Xocalı soyqırımının tarixi və ağır nəticələri barədə məlumat verib. Deyib ki, təəssüf ki, hələ də beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımayıb, ona hüquqi qiymət verməyib.

Direktor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının dünya ölkələrində bu faciənin soyqırımı aktı kimi qiymətləndirilməsindəki əhəmiyyətli rolundan söz açıb. Ötən il Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncam imzaladığını və 26 fevral tarixində Bakıda ümumxalq yürüşü keçirildiyini qeyd edib.

Digər çıxışlarda bildirilib ki, insanlıq əleyhinə cinayət olan belə faciələrin bir daha təkrarlanmamağı üçün xalqımızın başına gətirilən bu və bunun kimi digər soyqırımı aktları da daha dərindən öyrənilməli, gənc nəslə, eyni zamanda beynəlxalq ictimaiyyətə təfsilatı ilə çatdırılmalıdır.

Sonda tədbir iştirakçıları “Xocalı soyqırımını unutma!” mövzusunda kitab sərgisi ilə tanış olublar.