YARAT Müasir İncəsənət Məkanı tanınmış gənc rəssamların əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlıda təqdim edir.
Martın 1-də açılacaq sərginin əsas ideyası rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardırlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər.
Fotoqraf Dadaş Adna sadəliyin poetikasını – insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.
Oxşar üsul ilə “Bəs birdən” videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır, əgər onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür.
Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur.
Rəssam Ramal Kazım sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini qrotesk, güclü duyğular oyatmaq üçün çox qabarıq formada göstərir. Nadir Eminovun “Okey, bumer” instalyasiyası isə postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır.
Sərgi universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.
Habib Saherin “Qodonu gözləyərkən” instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir. Rəssam Rəşad Babayevin “Dərviş” əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir.
Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamların özlərinin təqdim etdiyi əsərlər daxildir.
Ənənəvi olaraq sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən ustad dərsi proqramları da nəzərdə tutulub.
Sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə keçirilir.