Fəlakət əl çəkmək istəmir...

 

Türkiyədə 6 fevral zəlzələlərinin yaralarının hələ sarılmadığı, dağıntılar altından cəsədlərin çıxarılmasının tamamlanmadığı bir vaxtda yeni dağıdıcı yeraltı təkanlar davam etməkdədir.

Fevralın 27-də Malatya vilayətinin Yeşilyurt rayonunda baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində  2 nəfər ölüb, 140 nəfər yaralanıb. Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın məlumatına görə, 6 fevral (Kahramanmaraş mərkəzli) zəlzələdə zədələnmiş 20-dən çox bina çöküb, 32 nəfər dağıntılar altından sağ çıxarılıb.

Fevralın 28-də Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 4,5 bal gücündə zəlzələ olub. AFAD-ın məlumatına görə, ümumilikdə son üç həftədə bölgədə 10 mindən çox afterşok qeydə alınıb.

Türkiyənin ümumilikdə 11 vilayətini vuran 7,7 və 7,6 bal gücündə zəlzələlərin tələfat sayı fevralın 26-da 44 374 nəfərə çatıb. Ertəsi gün və 28 fevralda axşam saatlarınadək yeni məlumat açıqlanmayıb. AFAD başqanı Yunus Sezer 21 minə yaxın binada axtarış-xilasetmə işlərinin tamamlandığını bildirib.