Azərbaycanın, Rusiyanın və Ermənistanın səlahiyyətli şəxsləri işçi qrupu səviyyəsində konkret nəticələr əldə edəcəklər. Dəmiryolunun işə salınması, o cümlədən Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün dəstək göstərməyə hazırdır. Həmçinin “3+3” formatında da dialoqa əlavə dəstək göstərilə bilər.

“Biz eyni zamanda Xəzər dənizində olan beşlik formatında, MDB, BMT və digər fərqli ixtisaslaşmış təşkilatlarla işləmək barədə qərara gəldik”, – deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.

***

Qeyd edək ki, fevralın 28-də xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun iştirakı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunmuş konfrans formatında iclası keçirilib. Sayca üçüncü olan iclas Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən təşkil edilib.

Tədbirdə ötən il ərzində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin həm Xarici İşlər nazirlikləri, həm də Rusiya-Azərbaycan Ekspert Şurası (RAEŞ) çərçivəsində geniş şəkildə qeyd olunduğu məmnunluqla xatırlanıb. Bu xüsusda, ötən dövr ərzində iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlığa çevrildiyi, bunun uzun illər ardıcıl şəkildə qurulan ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi olduğu, habelə Azərbaycan və Rusiya prezidentləri arasında yüksək səviyyəli etimadın möhkəm təməlinə əsaslandığı vurğulanıb.

2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlara sadiqlik ifadə edilərək sənədlər Azərbaycanın və bütün Cənubi Qafqaz regionunun münaqişədən sonrakı inkişafı üçün mühüm təməl olaraq qiymətləndirilib.

Şura üzvləri həmçinin iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı praktiki tövsiyələri əks etdirən kommünike qəbul edib. RAEŞ tövsiyələrinin ikitərəfli əməkdaşlığın müvafiq platformalarında təqdim olunması, birgə tematik topluların nəşri məqsədəmüvafiq hesab edilib.