Turizm imkanlarımız tanıdılıb

 

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, 10 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə turizm imkanlarımız Körfəz ölkələrində təbliğ edilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, fevralın 27-dən martın 2-dək Səudiyyə Ərəbistanının Ər-Riyad, Omanın Muskat, Qətərin Doha, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində silsilə tədbirlər keçirilib. Tədbirlərdə həmin ölkələrin ümumilikdə 200-dən çox turizm sənayesi təmsilçisi iştirak edib və onlar Azərbaycanda təklif olunan turizm məhsulları, səyahət paketləri, ölkəyə səyahət şərtləri ilə tanış ediliblər.

Azərbaycanı təmsil edən turizm sənayesi nümayəndələri ilə ev sahibi ölkələrin sənaye nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş təqdimat tədbiri “FlyNas”, Doha və Dubayda keçirilən tədbirlər isə “FlyDubai” tərəfindən dəstəklənib.

Qeyd edək ki, 2022-ci ildə Səudiyyə Ərəbistanı, Oman, Qətər və BƏƏ-dən Azərbaycana 160 minə yaxın insan səfər edib. Bu il üzrə ölkəmizə gələn əcnəbilərin 11,5 faizini təşkil edir.