Meksika Parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas, meksikalı parlamentarilər Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez, Navor Alberto Rohas Mansera Azərbaycan Milli Xalça Muzeyində olublar. Qonaqlar ekspozisiya ilə yaxından tanış olublar, onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları barədə ətraflı məlumat verilib.
Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Vurğulanıb ki, Azərbaycan milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.
***
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının həyat yoldaşları Beynəlxalq Muğam Mərkəzini ziyafət ediblər.
Qonaqlara mərkəz haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi yeri olan Beynəlxalq Muğam Mərkəzini Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib. Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Mərkəzdə 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.
Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Bəşəriyyətin qeyri-maddi irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəzlə yaxından tanış olan qonaqlar burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıblar.
Sonra onlar gənc muğam ifaçılarını dinləyib, onlarla xatirə şəkli çəkdiriblər.