Azərbaycanın "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 2-də

"Yeni Azərbaycan hekayəçiliyi və romançılığı" mövzusunda panel müzakirəsi keçirilib.

Azərbaycan yazarları Aqşin Yenisey, Nərmin Kamal, Cavid Zeynallı və Ülvi Babasoy çıxış ediblər.

Paneldə Azərbaycan nəsrində gedən proseslər və ədəbiyyatımızda realizm ənənəsi ilə bağlı müzakirə aparılıb. Yeni Azərbaycan nəsrində Qarabağ mövzusu və yazıçı-oxucu münasibətləri də diqqət mərkəzinə çəkilib.

Yazarlar oxucuların suallarını cavablandırıb.

***

Həmin gün görkəmli rus şərqşünas-alimi Yevgeni Bertelsin türk dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub. Kitab Türkiyədəki  səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında tərcümə edilərək işıq üzü görüb.

AMM-in direktoru Samir Abbasov mərkəzin ədəbiyyat və mədəniyyətimizin təbliğinə xidmət edən layihəsi haqqında danışıb, dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında olan bu kitabın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, tədqiqat əsərini türkcəyə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatımızın dostu İmdat Avşar çevirib. 

Şair, tədqiqatçı Fərid Hüseyn, tərcüməçi İmdat Avşar və başqaları çıxış edərək kitabı nizamişünaslığa mühüm töhfə kimi qiymətləndiriblər.

***

Noyabrın 2-də stendimizdə "Azərbaycanda nəşriyyat mədəniyyəti" mövzusunda panel müzakirəsi təşkil olunub. Naşirlər Şəmil Sadiq, Nurman Tariq, Rafiq İsmayılov və başqaları ölkəmizdə kitab sənayesinin hazırkı vəziyyəti, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

Həmin gün eyni zamanda stendimizdə yazıçı Rəvan Cavidin türk dilində işıq üzü görən "Absurd menyu" və esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun "Gələcəyin tarixi" (türkcə) kitablarının imza mərasimləri keçirilib.