Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) idarə heyətinin üzvləri Lənkəranda səyyar görüş keçiriblər.
Dekabrın 23-də təşkil olunan görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər.
ATXİ-nin sədri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edərək Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən ittifaqın "Qonaq teatr" layihəsindən danışıb.
ATXİ-nin sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, idarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, ittifaqın məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünkü vəziyyətindən, uğur və problemlərindən söz açıblar.
Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasının (RF) Əməkdar artisti, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev ittifaqın fəxri fərmanı ilə təltif olunublar.
Sonda xatirə şəkilləri çəkdirilib.