Müdafiə Nazirliyi: Martın 5-də ermənilərin törətdiyi təxribatdan sonra Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsinin yaradılması zərurətdir...
Xəbər verildiyi kimi, martın 5-də Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var.
“Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir”, – deyə məlumatda bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi nəzərə çatdırır ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib. 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilib.
“Baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.
Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.
Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə Müdafiə Nazirliyinin məlumatında vurğulanır.
***
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə məlumat yayıb.
Məlumatda Ermənistan tərəfinin, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam etdiyi vurğulanır.
Qeyd olunur ki, Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə martın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ölən və yaralananlar var. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.
“Bu kimi təcavüz aktı və təxribatlar Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.
Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.
Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, – deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
***
Müdafiə Nazirliyindən verilən məlumata görə, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Xankəndidəki separatçılar isə atışmada onlar tərəfdən 3 nəfərin ölməsi barədə məlumat yayıblar.