Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixi işçi qadınların haqlarının qorunması, qadınların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayrama çevrilib.
Bu gün ilk dəfə 1857-ci il martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə tarixə düşüb. 1910-cu ildə Kopenhagendə (Danimarka) qadınların beynəlxalq konfransında alman sosialisti Klara Setkinin təşəbbüsü ilə bu tarixin “Beynəlxalq qadınlar günü” kimi qeyd edilməsi qərara alınıb.
Əlamətdar gün 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, daha sonra digər Avropa ölkələrində qeyd olunub.
Azərbaycanda 8 Martın qeyd edilməsi ənənəsi sovetlər dövründə, ötən əsrin 20-ci illərində yaranıb. 1966-cı ildən isə keçmiş SSRİ-də, o cümlədən respublikamızda bu gün rəsmi bayram (qeyri-iş günü) kimi qeyd olunmağa başlanıb.
Yaranma tarixinə, uzun illər daşıdığı tarixi-ideoloji özəlliklərə rəğmən 8 Mart dünyanın böyük qisminin qəbul etdiyi, 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının da rəsmiləşdirdiyi (Beynəlxalq Qadınlar Günü) bayramdır.
Dövr, zaman, ictimai-siyasi sistem və quruluşlar dəyişsə də, 8 Mart bütün qadınların – evdə ana və bacıların, ailədə xanımların, qız övladların, işdə xanım həmkarların bayramıdır.
Əziz xanımlar, bayramınız mübarək!