Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlətimizin başçısının 63 yaşı tamam olur.

Bu münasibətlə dünyanın müxtəlif yerlərindən Azərbaycan liderinə təbrik məktubları gəlir.

Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəsmiləri, o cümlədən Türk dünyası əməkdaşlıq təşkilatlarının rəhbərləri Azərbaycan Respublikasının Prezidentinə təbriklərini və ən xoş arzularını çatdırırlar.

Həmin məktublardan bir neçəsini təqdim edirik.

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksəksəviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir. Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq.

Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksəksəviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

 

Hörmətlə,                                                          Si Cinpin
                                                                         Çin Xalq Respublikasının Sədri

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm.

Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

 

Hörmətlə,                                                         Vladimir Putin
                                                                        Rusiya Federasiyasının Prezidenti

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.

Yorulmaz səyləriniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan sosial sabitliyinin, iqtisadi davamlılığının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə edib. Sizin müdrik rəhbərliyinizlə ölkə irimiqyaslı layihələr həyata keçirərək və xalqın rifahını yaxşılaşdıraraq inamla irəli addımlayır.

Qazaxıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlığın dərinləşdirilməsinə böyük töhfənizi yüksək qiymətləndirirəm.

Ölkələrimiz sıx qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün böyük potensiala malikdir. Əminəm ki, biz birgə səylərimizlə nailiyyətlərimizi artıracaq və Qazaxıstan-Azərbaycan çoxşaxəli dövlətlərarası əlaqələrini məhsuldar əməkdaşlığın yeni səviyyəsinə yüksəldəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq və qardaş Azərbaycanın mənafeyi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,                                                          Kasım-Jomart Tokayev
                                                                         Qazaxıstan Respublikasının Prezidenti

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.

Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir.

Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk.

Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksəksəviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm.

Hörmətli Prezident, Zati-aliləri.

Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram.

 

Sonsuz hörmət və ehtiramla,                            Şavkat Mirziyoyev
                                                                          Özbəkistan Respublikasının Prezidenti

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində dünyadakı nüfuzunu daha da möhkəmləndirmiş, beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilmişdir.

Bu yaxınlarda Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü zamanı Sizinlə görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayır, təşkilatın inkişafı məqsədilə göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Dərin hörmət və ehtiramla,                                 Kubanıçbek Ömüralıyev
                                                                           Türk Dövlətləri Təşkilatının Baş katibi

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü müdrik və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası davamlı surətdə inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır.

Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir,

Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Dərin hörmət və ehtiramla,                                 Sultan Raev
                                                                           TÜRKSOY-un Baş katibi