Ölkəmizin zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC tərəfindən sərgi təşkil edilib.
Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda nümunələr yer alıb, xalçaçılıq sənəti, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunur.
AMM-in rəhbəri Leyla Qasımova bildirib ki, xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biridir. “Azərxalça”nın sədr müavini Ceyhun Əlibəyov qurumun fəaliyyətindən söz açıb.
Tədbir çərçivəsində Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinət əşyaları və xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, qardaş ölkələrimizin hər zaman bir yerdə olduqlarını qeyd edib.
Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramı tədbirə xüsusi rəng qatıb. Konsertdə məşhur caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Vyanadakı AMM-də təşkil olunan sərgi aprel ayının sonunadək ziyarət üçün açıq olacaq.